Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Düşünərək öyrənirik

Qəmbərova Gülnarə, Bakı şəhəri Nərimanov rayonu 212 № li məktəbin ibtidai sinif müəllimi

Bu gün müstəqil Azərbaycanın inkişafı yolunda quruculuq işləri gedir. Bu inkişaf Azərbaycan təhsil sistemində də özünü göstərməkdədir. Ölkəmizdə aparılan təhsil islahatları və əsasən Azərbaycan Respublikasının ümumi təhsilin konsepsiyası ”Milli Kurrikulum”un hazırlanması və həyata keçirilməsi buna əyani sübutdur. Milli Kurrikulum milli və ümumbəşəri dəyərlərin əsasında, ümumi inkişafı, meyl və maraqları nəzərə almaqla şagirdlərə özünün inkişafına şərait yaradır.

Bu islahat sənədi əvvəlki dövrlərdə aparılmış islahatlardan fərqləndiyi üçün hər bir müəllim ilk növbədə kurrikulum islahatının mahiyyəti və əhəmiyyəti, onun tətbiqi mexanizmlərini dərindən öyrənməlidir. Müəllim yaradıcı fəaliyyətə cəlb olunmalıdır. Bu baxımdan mən belə düşünürəm ki, ibtidai sinif müəllimi və ümumiyyətcə bütün müəllimlər şagirdlərə dərsin quruluş tərzini, yanaşmanı dəyişməlidirlər.Kurrikulumda dərs prosesinin qurulmasına aid tövsiyə xarakterli didaktik, metodik prinsipləri təlimdə müəllim tərəfindən yaradıcı şəkildə dərsdə tətbiq edilməlidir. Bunu bir növ Azərbaycan təhsilinin demokrativliyinin, onun pedaqoji sistemin yaratdığı hər bir yeniliyə açıq olmasının göstəricisi kimi qəbul etmək olar. Müəllimin qlobal dünyanın yeniliklərini internet resurslarının köməyi ilə pedaqoji aləmdə olan ən yeni formalı yanaşmalarla bərabər, klassik, ənənəvi təhsilin yaxşı cəhətlərini də seçib öz dərslərində tətbiq etmək imkanı vardır.

Bütün bu yuxarıda qeyd etdiklərimdən III sinif Oxu dərsində keçirtdiyim “Vətən” mövzusunun necə alındığını, hansı nəticəyə gəlindiyini göstərmək istəyirəm.

Bu dərsə hazırlaşanda, dərsin quruluşunu verəndə məqsədim şagirdlərin vətən haqqında bildiklərini üzə çıxardıb onu geniş şəkildə yeni biliklərlə inteqrasiya edərək şagird təxəyyülündə genişləndirmək, onların bu bilikləri öz düşüncə süzgəcindən keçirib yeni bilik yaratmaq, onların birlikdə işləmək bacarıqlarını, ümumi rəyə gəlməklərini, biri – birini dinləmək, bir – birinə dözümlü olmaq kimi vərdişlərini möhkəmləndirməkdən ibarət idi. Bunun üçün bu resurslardan istifadə etdim: flepçart,markerlər,işçi vərəqələri,yapışqan,rəngli kağızlar,qayçı və s.

İKT –dan istifadə edərək əvvəlcədən bir neçə slaydlar hazırladım. İlkin slayda Müslüm Maqameyevin ifasından “Ey ana vətən” mahnısını və Abbas Səhətin “Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz” sözlərini yazmışdım. Burada mən oxu dərsini musiqi ilə, ədəbiyyatla fənnlərarası inteqrasiya edərək şagirdlərin vətən haqqında biliklərini, görümlərini daha da genişləndirdim.

Dərsin məqsədinə çatmaq üçün şagirdlər sinifdə interaktiv fəaliyyətdə oldular. Bu fəaliyyətlər qapalı (və yaxud da açıq) diskussiya, cütlükdə və komandalarda işlərdən ibarət idi. Sinifdə şagirdlər bu cür işləyəndə onlar bir növ özlərinin davranışına, danışıq qaydalarına riayət edərək özünütərbiyə etmiş olurlar. Bu bir növ təlim və tərbiyənin vəhdətini göstərir.

Hazırlanmış ilkin slaydı göstərməklə dərsimi — “Vətən” sözünü necə başa düşürsünüz? sualı ilə başlayaraq silsilə suallarla (yəni bir sualın cavabından yaranan o biri suala keçməklə) davam etdim. Mənim qoyduğum sual şagirdlərin təfəkkürünə yönələrək onların bir-birindən fərqli olaraq öz görümlərini ortaya çıxartdı.

Cavablar belə oldu:

  • Yurd- yuva;
  • el-oba;
  • doğma məkan;
  • ocaq;
  • yaşayış yeri;
  • məskən;
  • böyüyüb boya-başa çatdığı yer;
  • vətənimiz Azərbaycandır və s.

Qoyduğum sualın Vətənimiz Azərbaycandır cavabından yaranan Azərbaycan hansı dövlətlərlə qonşudur? sualı ilə şagirdlərə müraciət edirəm.

Məqsədim şagirdlərə xəritə ilə işləmək vərdişlərini inkişaf etdirmək, sərhəd qonşularımız haqqında,qonşu dövlətlərlə necə yaşadığımız haqqında şagird biliklərini ortalığa çıxartmaq, genişləndirmək idi.

Slaydda göstərilən xəritədə şagirdlərlə bərabər Rusiya, Gürcüstan, İran, Türkiyə sərhədlərini tapdıq. Azərbaycanın onlarla necə qonşu olmağını aydınlaşdırdıq. Şagirdlər bu dövlətlərlə dostluq münasibətini təsdiqləyəndən sonra xəritədə o biri qonşumuzu –Ermənistanı göstərərək onlara belə bir sual verdim.
Sual: Nə üçün Ermənistanın adını qonşu, dost dövlət kimi çəkmədik?

Onlar bizimlə necə qonşudurlar?

Şagirdlər komandalarda diskussiya etdikdən sonra liderlərin cavabı belə oldu:

  • Xalqımıza qarşı zorakılıq etmişlər.
  • Dövlətimizə qarşı silahlanmışlar
  • Torpaqlarımızı işğal etmişlər.
  • Bir milyondan çox insanı yurdundan didərgin salmışlar
  • “Xocalı soyqırımı”nı törətmişlər
  • Bu gün də öz çirkin əməllərini davam etdirirlər, ona görə də düşməndirlər.

Sonra xəritədə şagirdlərlə birlikdə (hər cütlüyün xəritəsi vardı) ermənilər tərəfindən zəbt olunmuş rayonları tapıb göstərdik və ölkəmizdə bir milyona yaxın soydaşlarımızın yaşadığı mühiti, qocaların və uşaqların çəkdiyi əziyyəti əks etdirən növbəti slaydı göstərib və bu mühitdə olan uşaqların həyat tərzinin çox fərqli olduqlarını vurğuladım. Bu slayda baxaraq şagirdlərə belə bir sual verdim.

Sual — Gəlin görək bu uşaqların hansı hüquqları pozulub? Şagirdlərin qarşısında olan “Uşaq hüquqları konvensiyası»ndan (kitabdan götürülmüş paylama materialı) oxuyaraq onların hansı hüquqlarının pozulduqlarını tapıb qeyd etdik. Bunlar aşağıdakılardır:

İrqindən,rəngindən,cinsindən,dilindən,inamından,milli,yaxud sosial mənşəyindən asılı olmayaraq onlara lazım olan hər şeyə malik olmaq hüququna:
Sağlam və normal şəraitdə azad və layiqincə yaşamaq hüququna:
Yaxşı qida,yaşayış yeri və tibbi yardım almaq hüququna :
Sülh və dostluq amalında tərbiyə almaq hüququna malikdirlər:

Yenidən şagirdlərə — Bəs biz nə etməliyik? Bu hüquqlar necə bərpa olunmalıdır? sualını verdim.

Cavablar:

  • Torpaqlarımız azad olunmalıdır;
  • Hamı öz yurduna qaytarılmalıdır;
  • Onların yaşaması üçün şərait yaradılmalıdır;
  • Uşaqlar təzə evlərə köçməlidirlər;
  • Yaxşı məktəblərdə oxumalıdırlar.

Bununla mən şagirdlərin uşaq hüquqları haqqında biliklərini genişləndirdim və onların təfəkkürlərində müqayisə, qarşılaşdırma, vəziyyətdən çıxış kimi əqli vərdişlərinin inkişafına zəmin yaratmış oldum. Bu işin həm də bu günkü reallıqla bağlı əhəmiyyətinin çox vacib olduğunu vurğuladım.

Sonra “Vətən”mövzusuna keçdim. Əvvəlcədən internetdən Hikmət Ziya və Mirvarid Dilbazi haqqında tapdığım materialları və hazırladığım slaydı şagirdlərə təqdim etdim.

Şagirdlərə H. Ziya və M. Dilbazi haqqında qısa məlumat verdikdən sonra “Vətən” şerini intonasiya ilə oxudum (müəllimin intonasiyalı oxumağı şagirdlər üçün düzgün oxu nümayişi olur).

Mövzu üzrə iş cütlükdə oxu, çətin sözlərin izahı, verilən sözlərə əksmənalı sözlər fikirləşmək, seçimlə oxu kimi işlərdən ibarət oldu.

Bu işlərdən sonra mən şeirin bir hissəni –

“Ancaq bir an, bircə an
Doğma vətənsiz olsam,
Qoynunda çiçəklənən
Bağsız, çəmənsiz olsam,
Heç nə ovutmaz məni
Heç kəs ovutmaz məni
Ya buz bağlar, donaram,
Ya alışıb yanaram”.

şagirdlərə oxuyaraq bu misralarda nə üçün H. Ziya vətənsiz qalmağı faciə bilir? sualını verdim. Şagirdlərin komandalarda müzakirəsindən sonra cavabları belə oldu:

  • İnsan vətənsiz xiffət çəkər, sonra da ölər;
  • Vətəndən ayrı olduğu hər an onu incidir;
  • Yurdu üçün darıxır;
  • Vətən həsrəti ona rahatlıq vermir; və s. oldu.

Bu sualların cavabları şagirdin daxili aləminin biruzə çıxması idi. Hər komanda bir – birinin cavabını dinləyərək bu cavabları öz görümünə daxil edib, onu inkişaf etdirir. Burada bir növ şagirdlər arasında bilik paylaşması, bilik qəbul edilməsi və yeni şəxsi bilik yaranması prosesi gedir.

Mövzu üzrə işi bitirib dərsin I mərhələsinə yekun vuraraq II mərhələyə keçdim. Bu mərhələdə məqsədim komandalarda işi davam etdirmək, şagirdlərin birinci hissədə gördükləri işin əks edilməsi, qazandıqları bilikləri yeni bir formada nə qədər düzgün işlətdiklərini ortaya çıxartmaq idi.

Şagirdlərə işçi vərəqlərini(nümunəsi slaydda verilmişdir) payladım və qiymətlənməni hansı meyarlara uyğun aparacağım haqqında onlara məlumat verərək bu işi 7-10 dəqiqə arasında yerinə yetirəcəklərini bildirdim.

Komandaların təqdimatı dinlənildikdə, qiymətləndirmə cədvəlində meyarlar üzrə şagirdlərlə birgə görülən işləri qiymətləndirdik. Şagirdlər özləri qiymətləndirmədə iştirak etdikləri üçün onlar bir-birlərinə çox diqqətli olurlar.
Dərsin yekununda evə şeri əzbərləmək tapşırığını verdim.

Bu işdə mən kurikulumun məqsədlərindən biri olan nəticəyönümlü təlimin müddəalarını təsdiq etmiş oldum. Belə ki, bu dərsimizdə nəinki “Vətən”şeri öyrənildi, həm də reallıqdan belə nəticəyə gəldik ki, qaçqın uşaqlarının hüquqları nə dərəcədə pozulub və bu hüquqların bərpası üçün biz nə etməliyik, qonşularla aramızda münasibətimizi necə qurmalıyıq?

Dərs prosesində verilmiş silsilə suallar işçi vərəqlərdəki tapşırıqların cavablarından və yaradıcı işlərindən alınan nəticələr göstərdi ki, interaktiv təlimin bir qolu kimi konstruktiv təlim şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasına daha geniş imkanlar yaradır. Bu da şagirdlərin düşüncə və təffəkürünün inkaşafını kamilləşdirərək, vətən haqqında bilik dairəsini daha da genişləndirərək, bu günkü varlıqla əlaqələndirərək onlara vətənə məhəbbət reallığını dərk etmək imkanını yaradır. Ənənəvi dərslə konstruktiv dərsi müqayisə edəndə belə bir nəticəyə gəlmək olur.


Göy — ənənəvi təlim
Sarı – müasir təlim

Əgər ənənəvi dərsdə bir müəllim kimi “Vətən” mövzusunu keçəndə mən 5-6 istiqamətə fikir verməliydimsə, konstrutiv təlim bu istiqaməti 13 qolda artırdı. Bunun da nəticəsi o deməkdir ki, belə dərsdə şagirdlər öz biliklərindən çıxış edərək, müəllimin təfəkkür əməliyyatlı suallarını cavablandıraraq yeni bilik qurmaq yollarını göstərmiş oldular.

Rezume : Məqalədə müəllim konstruktiv təlimlə aparılan dərsin quruluşunu və gedişini göstərir. Şagirdlərin interaktiv fəaliyyətlərindən qazandıqları sosial vərdişləri, təfəkkürün inkişafına istiqamətlənmiş suallardan onların öz biliklərini yaratması nümunəsi göstərilmişdir. Ənənəvi dərslə konstruktiv dərsin fərqi diaqramda verilmişdir.

Resume: In the article the teacher shows the structure and the process of the lesson given constructively. Social habits of the pupils taken from their interactive activities and the questions directed to the development of the ideas which brings their own knowledge were demonstrated in the process of teaching. The difference of traditional and constructive lesson was given in the diagram.

İstifadə olunmuş ədəbiyyat:

  1. Əbdül Əlizadə “İdrak və idraki proseslər” Bakı 2006
  2. Fatma xanım Bunyatova “Sən və sənin hüququn”Bakı 1998
  3. Fatma xanım Bunyatova “Konstruktiv təlim” Bakı 2008
  4. “Kurrikulum jurnalı”
  5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Ümumtəhsil Məktəblərinin
  6. I-IV sinifləri üçün fənn Kurrikulumları. Bakı 2008

el.gulnara@rambler.ru

Qeyd: Bu yazı müəyyən ixtisarlarla «Kurikulum» jurnalının 2009-cu il 3-cü sayında dərc edilmişdir.


Baxış: 13716

5 комментариев to “Düşünərək öyrənirik”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe