Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

TƏHSİLDƏ KONSTRUKTİV TƏLİM, ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Abdulla Mehrabov,
professor, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü,

əməkdar müəllim

Kostruktizm — bizim dövrümüzün ən önəmli nəzəriyyəsidir.

Bu pedaqoji texnologiyalar avanqardıdır və o XXI əsrdə öz geniş inkişafını tapacaqdır
Jon LORENS
Toronto universiteti

Tədris-təlim prosesinin əsasını təşkil edən və bir-birilə üzvü əlaqədə olan-məqsəd, məzmun, forma, metod və vasitə kimi komponentlərin ümumi vəzifəsi böyüyən gənc nəslin kamil, rəqabətə davatlı insan kimi formalaşdırmaqdır. Kamil insan, ən yüksək insani keyfiyyətləri, mənəvi dəyərləri özündə cəmləşdirən, həmişə, hər yerdə haqqın, ədalətin, həqiqətin qoruyucusu, insanlıq etalonu kimi çıxış edən və fəaliyyət prosesində ona əməl edən şəxsdir. Bu keyfiyyətlərə malik insanların yetişdirilməsi gənc nəslə nələri, nə üçün və necə öyrətməyi, mexaniki hafizəyə deyil, nəzəri (tənqidi) təfəkkürə istinad etməyi və idrakı fəallığın yüksəldilməsini tələb edir. Öyrənmə nəzəriyyələri içərisində konstruktiv öyrənmə, müasir dövrdə faydalı, böyük təcrübə və həyati əhəmiyyəti olan, inkişafetdirici bir təlim metodudur. Öz əhəmiyyətinə görə konstruktiv öyrənmə bilik əldə etmə haqqında elə nəzəriyyələr qrupuna daxildir ki, biliyin, yeni ideyaların əvvəlki biliklərin sintezi əsasında yaradılmasına əsalanır, yəni biliklər sistemi passiv şəkildə deyil, öyrənənin fəal həyat təcrübəsi əsasında yaranır. Bilik «qurulur, kəşf edilir, yaradılır» anlamı üzərində bərqərar olan, biliyin və öyrənmənin təbiəti, mahiyyəti haqqında fəlsəfi fikirlər sistemi – epistemologiyanı öz fəlsəfi əsası hesab edən konstruktivliyin əsas prinsipi bilik passiv şəkildə alına bilməz, öyrənənlər öyrənmə prosesində fəal olmalıdırlar kimi səciyyələndirilir. Ona görə də öyrənənlərə müvafiq qaydada, yaşa uyğun sərbəstlik verilməli, onlar öyrənmə prosesində fəal iştirak etməlidirlər. Öyrənmə isə iradi akt kimi mənimsəmə (assimilyasiya), uyğunlaşma (akomodasiya) və nizamlama (ekvilibasiya) proseslərindən ibarət olub müvafiq mərhələlərdən keçir. Bu halda öyrənmənin hansı formasına hazır olmaq (assimilyasiya, akomodasiya, ekvilibasiya) öyrənənin idraki inkişaf mərhələsindən asılıdır [1,3,4].
XXI əsr – şəxsiyyətin formalaşmasında intellekt, yaradıcılıq, fərdiyyətçilik, tolerantlıq əsri kimi dəyərləndirilir. Yaradıcı təfəkkürün inkişafı, həmrəylik, müstəqillik cəmiyyətin demokratikləşdirilməsindən, şəxsiyyətin inkişafından və onun vətəndaş kimi formalaşma səviyyəsindən asılıdır. İnkişafetdirici təlim metodunun əsası İ.Riacenin intellektin inkişaf nəzəriyyəsinə, yəni məktəb təliminin məzmun strukturlarının tamlığının formal məntiq əsasında qurulmasına əsaslanır [2,3]. Belə yanaşma göstərir ki, biliyin strukturu real təfəkkürün strukturuna adekvat olaraq qurulmalıdır. Sonralar inkişafetdirici təlimin nəzəriyyəsinə və metodikasına Viqotski, Rubinşteyn, Davıdov, Elkonin, Zankov, Bruner, D.Dyin və başqaları dəyərli tövhələr vermişlər [1, 3, 4]. İnkişaf etdirici təlimin (konstruktiv təlim) pedaqoji ədəbiyyatda geniş işıqlandırılmasına baxmayaraq, məktəb praktikasında onun geniş tətbiq olunmamasının əsas səbəbi, bu vaxtadək təhsil alanların (şagirdlərin), əqli cəhətdən inkişafının xüsusiyyətləri, motivasiya və tədris əməyinin əsas şərtləri nəzərə alınaraq idrak (dərketmə) fəaliyyətinin texnologiyaları dəqiq işlənilməməsidir.
Konstruktiv təlimdə təhsil alan təfəkkür əməliyyatlarının köməkliyi ilə təlim prosesində sərbəst hərəkət edir, əvvəlki biliklərə istinad edərək bütövlük sxemində «yeni biliklər» sistemi yaradır. Beləliklə konstruktiv təlim əməliyyat – yaradıcı xarakteri daşıyır. Təhsil alanlar öyrədəndən, dərslikdən və digər mənbələrdən əldə etdiyi informasiyalar üzərində məntiqi əməliyyatlar apararaq öz daxili duyumu, qavrayışı, başa düşmə qabiliyyəti hesabına xüsusidən ümumiyə istiqamətlənərək yeni biliklər formalaşdırır.
Deməli, konstruktivizm – əsas ideyası öyrənənə biliyin hazır formada verilməsinin əksinə olan, pedaqoji fəlsəfənin əsasında durur. Ona görə də tədris-təlim prosesində öyrənənlər üçün öz biliklərini layihələndirilməyi və özünüinkişafı təmin edən pedaqoji mühit yaradılmalıdır. Konstruktivizmi, eyni zamanda ümumi yanaşmalar mövqeyindən, hər birimizin ömür boyu ətraf aləmin öz anlamımızda konstruksiya edilməsi kimi də başa düşmək lazımdır. Bu baxımdan öyrənənlərin hər birinin dünyanı, ətraf aləmi özünün dünyagörüşü, əqidəsi və məsləki əsasında dərk etməsi öz unikallığı ilə seçlir.
Konstruktiv təlim, təhsildə fəlsəfi yanaşma kimi, birinci növbədə, nə qədər «kasıb» görünsədə təhsil alanın, öyrənənin hər hansı bir hadisəyə dair fikrini, əsas münasibət hesab edir və dəyərləndirir. Piajeyə görə belə başlanğıc mövqe, təhsilalanda (şagirddə) yeni biliyin konstruksiya olunması, onun daxilində baxılan hadisəyə dair formalaşan strukturla, ona məlum olmayan xarici reallıq arasındakı koqnitiv ziddiyyətləri aradan qaldırmağa imkan verir. Belə ziddiyyətlərin aradan qaldırılması biliyin əvvəlki koqnitiv strukturu əsasında konstruksiya olunmasını və müvəqqəti koqnitiv stabillik (və ya koqnitiv tarazlıq) yaradılmasını təmin edir.
Konstruktiv təlim həqiqətdən daha çox həqiqətə doğru hərəkət prosesini xarakterizə edir. İ.Piaje yazırdı: «Yeni elmi biliklərin qazanılması statistik xarakterli hadisə olmayıb, bu fasiləsiz konstruktlaşdırma və yenidəntəkmilləşdirmə (yenidənqurma) prosesidir» [2]. Təhsil konsepsiyasına tez-tez dəyişən və qloballaşan informasiya cəmiyyətində tədris-təlim prosesinin təşkilinə, yeni təlim strategiyalarının və texnologiyaların dinamik hərəkətdə olan konstruktiv axtarışı kimi baxmaq lazımdır. Araşdırmalar göstərir ki, son zamanlar aşağıdakı müəyyənləşdirilmiş səbəbələrə görə təlimdə konstruktiv yanaşmanın tətbiqinə maraq xüsusi olaraq artmışdır:

  • ilk növbədə konstruktiv təlim sistemi mütərrəqidir, proqresivdir. Məsələn, konstruktiv təffəkür, hər hansı bir nümunə haqqında olan ilkin məlumatlardan kənara çıxmalar baş verdikdə, nümunə haqqında əvvəlki məlumatların qeyri kafiliyi dərk olunduqda fəaliyyət sxemi, təffəkür tərzi və fikir dəyişdirilir. Yeni təfəkkür tərzinin formalaşmasında, cəmiyyət yüksək sərbəstlik, məsuliyyət və kreativlik tələb edir. Belə şəraitə uyğunlaşmaq üçün isə yeni konstruktiv bajarıqlara, yaradıcılıq qabiliyyətinə malik şəxsiyyətlərin yetişdirilməsi zamanın tələbi kimi qiymətləndirilir;
  • konstruktiv təlim problemin özünüdərk prosesini özünün təsir sferasına daxil edir. Təlim prosesi müxtəlif xarakterli pedaqoji məsələlərin həllilə qarşılıqlı əlaqəda olduğundan, onların qabaqcadan müəyyən edilməsi, öyrədilməsi və əvvəllər rast gəlinmiş məsələlərlə müqayisə olunması prosesin özü üçün çox böyük əhəmiyyət daşıyır;
  • konstruktiv təlimdə öyrənənin və öyrədənin ümumi fəaliyyəti prosesində yeni konstruktiv münasibətlərin (interaktiv formada) formalaşması həlledici əhəmiyyətə malikdir. Bu halda konstruktiv təfəkkür və peşəkar konstruktiv bacarıqlar öyrədən və öyrənən qarşılıqlı münasibətlərinin işgüzar tənzimlənməsinin vasitəsinə çevrilir;
  • konstruktiv təlimin tətbiqi tədris fəaliyyətinin dərindən başa düşülməsində və prosesin strukturlaşdırılmasında həlledici rol oynayır. Bütün bunlar isə tədris materialının seçilməsində, tədris prosesinin təşkilində, öyrənənlərin korrekt idarəedilməsində və s. öyrədənə (müəllimə), eyni zamanda öyrənənlərə planlaşdırılmış materialların dərk olunmasında, qarşıya qoyulmuş məqsədə çatmaq üçün fəaliyyətin alqoritminin strukturlaşdırılmasında yaxından kömək göstərir;
  • konstruktiv təlim, eyni zamanda yaradıcılıq mühitinin formalaşmasında xüsusi rol oynayır. Müasir dünyada hər bir insanın yaradıcılıq prosesinə daxil edilməsi üçün geniş imkanlar açılmışdır. Yaradıcılıqla bağlı konstruktivlik dedikdə elmi məlumatların toplanması, ixtiraçılıqla bağlı aktivlik, yeni texnoloji məsələlərin həlli və s. başa düşülməlidir. Peşəkar konstruktiv yaradıcılıq insandan yeni keyfiyyətlər tələb edir: yeni ideyalara tələbat; başqa insanların görə, hiss edə bilmədiyi problemlərin dərk olunması; alternativləri seçmək, anlamaq bacarığı; istehsalat sahələrində birinci yanaşmada görünməyən yeni sahələrin müəyyən edilməsi; maneələri tez aşmaq bacarığı; ümumi qəbul olunmuş həqiqətlərə və yeni ideyalara tənqidi yanaşmaq bacarığı; İKT texnologiyaları, kompüter reallığı və s. ilə işləməyə hazır olması ilə bağlı keyfiyyətlər.

Deməli, təlimdə konstruktiv yanaşma (konstruktiv təlim) inkişafa və özünü təkmilləşdirməyə yönəlmiş ən qısa, insanpərvər və insaflı yoldur. Son dərəcə elmi, qabiliyyətli şəxsiyyətlərin yetişdirilməsi müasir təhsilin əsas strateji məqsədi olduğundan, insanlarda fəaliyyətin konstrukturlaşdırılması qabiliyyəti həmişə diqqət mərkəzində saxlanılmalıdır. Konstruktiv təlimin, ənənəvi təlimdən üstünlüklərini əyani olaraq göstərmək üçün aşağıdakı cədvəli nəzərdən keçirək:

Cədvəl

Sıra № Ənənəvi yanaşma Konstruktiv yanaşma
1 2 3
1 Tədris planları baza biliklərə və bacarıqlara əsaslanaraq «xüsusidən tama doğru» prinsip əsasında qurulmuşdur Tədris planları ümumiləşmiş anlayışlara və bacarıqlara əsaslanaraq «ümumidən xüsusiyə doğru» prinsip əsasında qurulmuşdur
2 Öyrədən, bir qayda olaraq yeni tədris materialını axtarıcı instansiyaya didaktik maneralarla hərəkət edərək çatdırır Öyrədən birinci növbədə təhsil alanların tədris-idrak (dərk etmə) və tədqiqatçılıq fəaliyyətinin təşkilatçısı kimi, özünün biliyini və əqidəsini onların zorla boynuna qoymamaqla çatdırır
3 Tədris proqramı və tədris prosesi tamamilə təklif olunan dərslik və ya dərs vəsaitinə söykənməklə həyata keçirilir Dərslik tədrisə aid informasiyalar üçün hakim mövqe tutan mənbə kimi  qəbul  edilmir. Üstünlük digər orijinal mənbələrə, real həqiqəti əks etdirilən hadisələrə verilir
4 Təhsilalanlar hazır bilikləri öyrədənlərdən  alır və tədris-təlim prosesinin obyekti kimi təqdim olunurlar Təhsilalanlar ətraf aləm haqqında özlərinin baxışları, təsəvvürlərilə tədris-təlim prosesinin tam hüquqlu iştirakçıları kimi təqdim olunurlar
5 Öyrədən təhsilalanların tədris-idrak fəaliyyətinin effektivliyini, müəyən hadisəyə dair düzgün cavabların sayına görə  qiymətləndirir Öyrədən təhsilalanların sərbəstliyini, bəzən  düzgün olmayan  mühakimələrini, «ağıllı» suallarını, söhbətlərini şüurlu oraraq düzəltmələrini dəyərləndirir
6 Yoxlama işlərinin və testlərin nəticələrinin təhsilalanların bilik, bacarıq səviyyələrinin dəyərləndirilməsinin yeganə, vahid informasiya mənbəyi kimi qəbul edilməsi Təhsilalanların fəaliyyətdə qazandıqları bütün naliyyətlərin, onların yeni biliklərin konstruksiya olunması üçün göstərdikləri səylərin, təlim prosesində onların irəliləyişlərinin dəyərləndirilməsi
7 Təhsilalanların təlim naliyyətlərinə  nəzarətin və qiymətləndirmənin tədris prosesindən ayırlmaqla aparılması Təhsilalanların təlim naliyyətlərinə nəzarətin və qiymətləndirmənin tədris prosesinin real gedişi şəraitində həyata  keçirilməsi
8 Təhsilalanların sinifdə, əsasən frontal təlim şəraitində, evdə isə fərdi qaydada işləməsi Təhsilalanların həm sinifdə, həm də ev tapşırıqlarının yerinə yetirilməsində, çox vaxt  kiçik qruplarda, komandalarda və ya cütlərlə işləməsi

Cədvəldən göründüyü kimi konstruktiv təlim təhsilalanların təfəkkür fəaliyyəti nəticəsində qazanılmış, qazanılmaqda olan və gələcəkdə qazanılacaq  yeni biliklərin bütövlüyünü təmin edir. Bu təlimdə təhsilalanlar öz daxili tələbatından və idrak səviyyəsindən çıxış edərək, əvvəlki biliklər üzərində məntiqi əməliyyatlar apararaq yeni biliklər qazanır və yaradıcı fəaliyyətdə olurlar. Konstruktiv təlimdə fərd öz şəxsi fikrinin nəticəsini, cəmiyyətin  əvvəlcə­dən əldə etdiyi biliklərlə əlaqələndirir və bunları əsaslandıraraq əxlaqını saf­laş­dırır, öz-özünü inkişaf etdirərək bilik qazanır. Belə bilik qazanmanın yolu isə anlamdan, vərdişdən keçərək yeni biliyin yaradılması, qurulması ilə nəticələnir [3].

Konstruktiv təhsil mühitinin qurulması  konstruktiv təlim sistemi  çərçivəsində həyata keçirilir. Konstruktiv təlim sistemi isə iki altsistemdən ibarət olub – konstruktiv özünütəlim (və ya ənənəvi) və innovatik təlim  formaları  çərçivəsində  inteqrativliyi təmin edən alt sistemdən ibarətdir. Konstruktiv təlim – konstruktiv şəxsiyyətin inkişafı və formalaşdırılması üçün təlimdə müxtəlif  yanaşmaların xüsusi, müstəsna dərəcədə gözəl inteqrasiyasıdır. Konstruktiv şəxsiyyət – konstruktiv vərdişlərə, konstruktiv təffəkürə malik yaradıcı şəxsdir. Konstruktiv təffəkür – konkret problemin həllinə və onun dayanıqlığı ilə bağlı parametrləri  müəyən etməyə  istiqamətlənmiş təfəkkür formasıdır. O, yaradıcılıqdan və intiusiyadan (varlığı təcrübə və məntiqi nəticələrin köməyi ilə deyil, bilavasitə seyr etmə  yolu ilə dərk etmə) ayrı olmayıb, burada yaradıcı, praktik və bədii-texnoloji təfəkkür qırılmaz surətdə, qarşılıqlı əlaqədədirlər.

Qeyd etmək lazımdır ki, konstruktivliyin  inkişafı çoxlu  problemlərlə bağlıdır. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: qanunların oyrənilmə səviyyəsi müxtəlif materialların xassələri və tətbiq sahələrinə dair məlumatlarla tanışlıq; müxtəlif texnoloji məsələləri həlletmək bacarığı; konkret problemin həlli ilə bağlı müxtəlif vasitələrdən istifadə; müxtəlif xarakterli modelləri yaratmaq qabiliyyəti və ondan səmərəli istifadə etmək imkanları; müxtəlif proseslərin parametrlərinin təyini, onda baş verən hadisələrin qanun və qanunauyğunluqlarının təcrübi yolla müəyyən edilməsi və s. Konstruktiv təfəkkürə malik insan, baş verən problemin həlli  ilə bağlı  situasiyanı tələb olunan səviyyədə dəyişdirməyə və ya situasiya ilə bağlı problemi neytrallaşdırmaq üçün müvafiq müsbət qərarın qəbul olunmasına dair  konkret fəaliyyət  göstərmək qabiliyyətinə malik olur.

Alman filosofu B.Baassen konstruktivizmi geniş tədqiq edərək, konstruktiv mövqei aşağıdakı kimi  ümumiləşdirmişdir: «İnsan həqiqəti  məqsədyönlü şəkildə konstruksiya edən varlıqdır (canlı vücuddur)» [5,6]. Ona görə də:

  • Ÿ konstruksiya etmək – məqsədyönlü şəkildə problemlə bağlı incəlikləri görə bilmək, ayırd etmək, fərqləndirmək deməkdir. Sinqulyar, əlaqəsiz, təcrid olmuş prosesi konstruksiya etmək olmaz;
  • konstruksiya etmək koherent və nisbi  dünyanı dərk etməyə imkan  verir. Konstruksiya edilmiş həqiqət izole edilmiş formada mövcud deyildir və mövcud ola bilməz, ona görə də o koherentdir. Mürəkkəb struktura malik zahirən sonsuz metamorfoza (şəkil dəyişmə, bir şəkildən başqa şəklə  keçmə, bir haldan başqa hala keçmə) kimi təsfir olunan və bir-birini qanunauyğun əvəz  edən dünyada yaşayırıq. Belə mürəkkəb daxili struktura malik dünya ilə  bağlı, o cümlədən tədris-təlim prosesində baş verən mürəkkəb problemlərin səmərəli həlli üçün konstruktiv təlim  metodologi­ya­sından  istifadə geniş imkanlar yaradır;
  • konstruksiya etmək sonsuz və rekursiv   (rekrusiya – tədqiq olunan obyektə dair yekun biliklər sistemini, onun tərkib hissəsi olan ayrı-ayrı elementlər haqqında qabaqjadan məlum olan xüsusi biliklər əsasında müəyyənləşdirilməyə imkan verən ümumi qaydalar sistemidir) prosesdir. Eyni zamanda konstruksiyalaşdırma  fasiləsiz proses olub, hazırki durumdan keçmişə və gələcəyə müraciət edərək, zamanın hər iki modusunu (növ müxtəlifliyi) özündə birləşdirir. Konstruksiya etmə zamanı ona görə keçmişə müraciət edilir ki, o, təcrübəyə əsaslanır, təcrübə yenidən konstruksiya olunaraq yeni ekoloji şəraitə yaxınlaşdırıldığına görə gələcəyə müraciət edilir;
  • konstruksiya olunan proses (ümumi mənada dünya) və konstruksiyalaşdırılan prosesə bütövlük və  fasiləsizlik verən insan bir-birilə  vəhdət təşkil edirlər. Konstruksiya etmə həqiqəti generasiya edərək, istənilən proseslə bağlı, onun ayrı-ayrı elementləri haqqında qabaqcadan müəyən edilmiş bilikləri ümumiləşdirərək onun bütövlüyünü təmin edir;
  • konstruksiya etmə  kontinual (fasiləsiz) və dövrü (dövrlər üzrə gedən) səbəbiyyət doğuran prosesdir. Başqa sözlə, konstruksiya etmə həqiqətə  fasiləsiz və koherent bütövlük gətirən prosesdir;
  • konstruksiya etmə, şəxsin hər hansı prosesə dair təcrübəsinin nəticələrinin gələcəkdə dərk edilən, duyulan, başa düşülən və faydalı olması üçün həyata keçirilən fərdi  və qanuniləşdirilmiş prosesdir.

Araşdırmalar göstərir ki, cəmiyyətdə vətəndaş münasibətlərinin təşəkkülü və onun demokrativləşdirilməsi şəxsiyyətin inkşaf səviyyəsindən, cəmiyyətdə baş verən hadisələrin dərk olunma aktivləşdiyindən asılıdır. Yalnız yaddaşla, yəni aktiv və passiv yaddasaxlama  ilə  tələb olunan bütün informasiyaların öhdəsindən gəlmək mümkün deyildir. Ona görə də tədris-təlim prosesində təfəkkür fəaliyyətinə geniş  imkanlar açılmalıdır. Tədqiqatlar göstərir ki, ənənəvi təhsil mühitində baş verən tədris-təlim prosesində təfəkkürün ehtiyyatlarından (2-3) faizdən çox olmayaraq istifadə olunur [3]. Tədris-təlim prosesində təfəkkür (düşüncə) fəaliyyətinin önə çəkilməsi, onun imkanlarından geniş istifadə öyrənməni keyfiyyətcə dəyişərək, onu hamı üçün əlçatan edir. Təfəkkür fəaliyyəti çərçivəsində öyrənmə (təhsil alma) prosesi bir neçə dəfə yüksəlir, bütün təhsilalanların təhsil keyfiyyətini addekvat olaraq artırır. Ona görə ki, təfəkkür fəaliyyəti bir başa idrak  prosesilə bağlı olduğundan, tədris-təlim prosesində psixopedaqoji yanaşmaları önə çəkir. İdrak fəaliyyətinin psixopedaqoji yanaşması əsasında artıq isbat  olunmuşdur ki,həqiqi bilik təhsilalanlar tərəfindən əvvəlki biliklərin  (təcrübələrin) əsasında anlama yolu ilə yaradılır. Psixopedaqoji (psixodidaktika) yanaşma təhsilalanlarda öyrənmə üçün tələb olunan mühiti yaradır və biliyin mahiyyəti, onun struktur elementləri  təhsilalanların anlama qabiliyyətinə mütənasib  olaraq qurulur. Psixopedaqoji yanaşma əsasında öyrətmə və öyrənmə prosesi elə qurulur ki, mütəşəkkil, fəal əqli fəaliyyət interaktiv fəaliyyətlə müşahidə edilir və  təhsilalanlar  öz imkanlarını genişləndirmək üçün aktiv biliklər əldə edirlər. Belə əsasda qurulmuş tədris-təlim prosesində biliklər öz ənənəvi vertikal quruluşunu dağıdaraq, məntiqi  əsasda, təfəkkürdə üfüqi strukturda düzəlməyə başlayır və nəticədə biliklərin tamlığı təmin olunur. Deməli, konstruktiv təlim-yaradıcı, operasional təlimdir. Belə təlim şagirdlərin dərk etmə fəaliyyətinin köməyilə əldə edilmiş, hazırkı və gələcəkdə əldə edilən (qazanılan) biliklərin vəhdətidir. Bu halda qurulan proses şagirdlərin inkişafını nəzərə alır, eyni zamanda belə inkişafdan asılı olur.

Məlumdur ki, Viqotskinin  inkişafetdirici təlimi əsasən pedaqoji prosesdə şagirdin inkişafını nəzərdə tutur və inkişaf əsasən pedaqoji  prosesdə gedir, lakin təhsilalanın sosial mühitdə qazandığı, əldə etdiyi biliyi nəzərə alınmır. Bu halda proqramın tələblərindən asılı olan öyrədən şagirdin irəliləyişinə, proqramdan kənar düşünməsinə şərait yarada bilmir, eyni zamanda proqramın quruluş strukturu buna imkan vermir. Konstruktiv təlimdə isə didaktik bilik strukturları üfiqi şəkildə tamlıq çərçivəsində qurulur, bu halda öyrənən öyrədənin məntiqi keçidlərinə əsaslanaraq öz inkişafından və daxili tələbatından asılı olaraq özünə yeni biliklər qazanmaq üçün geniş imkanlar əldə edir.

Konstruktiv təlimin əsas prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • idrak (dərk etmə) bacarıqlarının məqsədyönlü inkişafı, yaradıcı təfəkkürün özünütəhsil yolu ilə inkişafı, biliyin həyatla əlaqələndirilməsi, humanistləşdirilməsi və inteqrasiya edilməsi;
  • təlimin  tərbiyəedici və inkişafedici xarakter daşıması;
  • fəaliyyətin kooperativ və fərdi formada uyğunlaşdırılması;
  • məqsədə istiqamətlənmiş müxtəlif təlim metodlarının, formalarının və üsullarının əlaqələndirilməsi;
  • tədris-təlim prosesində müxtəlif və emosional mühit yaradaraq şəxsiyyətə hörmət olunmadan həyata keçirilən tələbkarlıq və avtoritar münasibəti aradan qaldıran, əməkdaşlığı və yaradıcığı inkişaf etdirən şəraitin qurulması.

Göründüyü kimi, konstruktiv təlimdə əsas yeri bilik strukturlarının tamlığı; informasiyanın məzmununda məntiqi struktur əlaqələrinin dərk edilməsi; bilik strukturlarının uyğunlaşdırılması; bilik strukturlarının dönərliliyi; bilik strukturlarının oxşarlığı, eyniliyi tutur. Konstruktiv təlimin pedaqoji mənasını, əhəmiyyətini öyrədənin yaxından köməkliyi ilə  təhsilalanın təbii imkanları nəzərə alınaraq biliyin, bacarığın və vərdişlərin formalaşdırılmasında passiv dinləyicidən, biliyin sərbəst əldə olunması  mövqeyinə keçməsi təşkil edir. Bunlar təhsilalanların  və təhsilverənlərin tədris-təlim  prosesində müvəffəqiyyət qazanması, onların inkişafı üçün optimal rejimdə işləmələrinə geniş imkanlar açır. Beləliklə, konstruktiv təlimdə biliyin formalaşması üç mərhələdən keçir: intuitiv (intuisiya ilə hiss etmək), konkret (açıq, aydın) və formal (formal məntiq). Biliyin həcmi isə  intellektin fəaliyyəti, onun zənginliyi, müxtəlifliyi və təfəkkürün  aktivliyi əsasında müəyyən edilir [7].

Yuxarıda qeyd edildiyi kimi konstruktiv təlimdə dərslər biliyin, bacarığın və vərdişlərin kooperasiyası şəraitində iki istiqamətdə, yəni təfəkkür və sosial istiqamətlərdə layihələndirilir. Təfəkkür və kooperativ strukturlar təhsilalanın intellektinin inkişafı mərhələsində izomorf formada qurulur. Belə qurulma hər bir təhsilalanın, ayrıca  təfəkkürün fərdi xüsusiyyətləri, anlama (başa düşmə) qabiliyyəti nəzərə alınaraq həyata keçirilir və sonradan onun şəxsi təcrübəsinə, təhsilverənin rolu isə, həm əqli, həm də sosial planda təhsilalanların fəaliyyətinin təşkilatçısına, layihələndiricisinə  və mediatoruna (mediator – neytral, sərbəst şəxs olub, tərəflərdə baş verən konfliktləri və mübaisələri həll etməyə kömək edir) çevrilir.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan təhsil sistemində tədris-təlim prosesinin səmərəli qurulması, keyfiyyət göstəricilərinin yüksəldilməsi, təhsil müəssisələrinin, təfəkkür, idrak məktəbinə çevrilməsi üçün konstruktiv təlimin tətbiqi genişləndirilməli və o, aparıcı mövqe qazanmalıdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, Mütərcim, 2007, 448 səh.
  2. Пиаже Ж. Избранные психологические  труды: Психология интеллекта (Пер. с. франц. и англ.). М.: Просвещение, 1969.
  3. Bünyatova F. Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr. Bakı, Ziya-Nurlan, 2008, 218 səh.
  4. Mehrabov A.O. Müasir təhsilin konseptual  problemləri. Bakı, Mütərcim, 2010, 516 səh.
  5. Лекторский В.А. Капт. Радикальный конструктивизм и конструктивный реализм в эпистемологии. // Вопр. Филосифии, М.: 2005, №8.
  6. Князева Е.Н. Курдюмов С.П. Основания синергетики, синергетическое мировидение. М.: 2005.
  7. Glasersfeld E. Radijal Jonstrujtivism: A. Way of Knowing and learning. London, 1985.

А.О. Мехрабов

КОНСТРУКТИВНОЕ ОБУЧЕНИЕ И ЕГО СПЕЦИФИЧЕСКИЕ ОСОБЕННОСТИ

РЕЗЮМЕ

По своей сущности конструктивное обучение входит в такую теоретическую группу по приобретению знаний, в которой новые идеи, знания основываются на синтез прежних знаний, утверждается понятие «структура знаний переустанавливаются и делаются открытия».

Обучаемый, получивший знания от обучающего, из учебников и других источников, проводит логические операции на информациях и благодаря своей интуиции, восприятию и особенностям понимания, направляясь от собственного к общему, формирует новые знания.

В статье исследуются вопросы конструктивного обучения или философии конструктивизма в образовании, его сущность, цель, основные принципы в контексте новых современных подходов. Указываются обобщения по его внедрению в образовательный процесс и предлагаются специфические особенности психолого-педагогическими подходами как интерактивный, развивающий метод обучения.

A.O. Mehrabov

CONSTRUCTIVE TRAINING AND ITS SPECIFIC FEATURES

THE RESUME

On the essence constructive training is included into such theoretical group on acquisition of knowledge in which new ideas, knowledge is based on synthesis of former knowledge, the concept «structure of knowledge affirms opening» are reinstalled and become.

The trainee who has received knowledge from training, from textbooks and other sources, performs logic operations on information and thanks to the intuition, perception and features of understanding, going from own to the general, forms new knowledge.

In article questions of constructive training or constructivism philosophy in education, its essence, the purpose, main principles in a context of new modern approaches are investigated. Generalisations on its introduction in educational process are specified and specific features by psihologo-pedagogical approaches as an interactive, developing method of training are offered.

Açar sözlər:

İnteraktiv və aktiv texnologiya; inkişaf­etdi­rici  təlim; koqnitiv və sosial konstruktivizm; tamlıq nəzəriyyəsi; axtarış; məntiqi və formal təfəkkür; məntiqi multiplikativ əməliyyatlar; əqli fəaliyyət; dialoq-treninq; fikir sıçrayışı (breyrinq); tematik və yekun nəzarət; assimil­yasiya; akomodasiya; ekvilibrasiya.

Key words:

Interactive and active technology, developed teaching, cognitive and social constructivism, theory of integrity, searching, logical multip­li­ca­tive operations, intellectual activism, dialog-trai­ning, subject and summing control, assimilation, acomodation , ecvilibration.

Baxış: 11149

One Response to “TƏHSİLDƏ KONSTRUKTİV TƏLİM, ONUN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe