Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.

  Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır.Bünyatovanın konstruktiv təlim fəlsəfəsi həm də Şərq-Qərb təlim sisteminin sintezində ehtiva olunur. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, şagirdlərin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində şagird biliyinin tamlıq sxemini yaradır. Təfəkkür əməliyyatları üzərində qurulan məntiqi bilik strukturları ilə təmasda olan hər bir şagird idrakı verilən biliklə qarşılıqlı əlaqəyə girərək, öz strukturlarının məntiqi əsaslarını qurur. Məntiqi düşüncəyə sahib olan hər bir şagird düzgün düşünməyə, əsaslı nəticəyə gəlməyə, bir nəticədən o biri nəticəyə çıxma vərdişinə yiyələnmiş olurlar.

Konstruktiv təlimin mahiyyəti ondan ibarətdir ki, o, şagirdi özünü inkişaf yoluna salır, ona təlimdən və sosial mühitdən qazandığı bilikləri öyrəndiyi və öyrənəcəyi biliklərlə birləşdirməyə, əsaslandırmağa və özü üçün yeni, yüksək formalı bilik qazanmağa şərait yaradır. Çağdaş dünyamızda hər bir fərdin yaradıcı olması, öz bacarığından çıxış edərək yeni fikir, yeni ideya yaradıb, onu həyata tətbiq etməyi önəmli, dəyərli bir bacarıqdır.

 Konstruktiv təlimin məqsədi

Konstruktiv təlimin iki əsas məqsədi vardır:

  1. şagirdin əxlaqını saflaşdırmaq
  2. öz-özünü inkişaf etdirərək bilik qazanmaq- Bu biliyin yolu anlam bilikdən, vərdişdən keçərək  yeni yaradılan biliyə gəlib çatır.

Birinci məqsəd tərbiyəvi istiqamət daşıyır. Bu, hər bir şagirdin bir şəxsiyyət kimi, bir vətəndaş kimi özünü dərk edərək, əxlaqını saflaşdıraraq böyüməsidir.Şagirdin xarici davranışı daxili görümün əksi olduğu üçün müəllim bu davranışı milli mənəviyyat və sivil qaydalar üzrə qurmalıdır. Müəllimin proyektləşdirdiyi hər bir dərsdə ən birinci məqsəd şagirdin tərbiyəsinin, mənəviyyatının saflaşdırılmasına xidmət etməkdir. Bu işdə müəllimə böyük mütəfəkkir filosof Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində şərhini verdiyi əxlaqın saflaşdırma yolları kömək edir.

İkinci məqsəd şagirdin öz daxili qüvvəsindən çıxış edərək, özü inkişafa, özü dərketməyə, özü bilik qazanmağa sövq etməkdir. Bu məqsədə çatmaq üçün konstruktiv təlim üsulu ilə dərs keçən hər bir müəllim konstruktiv təlimin prinsiplərinə riayət edərək dərsi inkişaf etdirici, düşündürücü xətdə qurmalıdır. Müəllim şagirdlərin qarşısına qoyduğu məsələnin bütün cavablarını qəbul edib ümumiləşdirərək onları yeni bir sualla keyfiyətcə yüksək bir anlayış tərzinə gətirir. Şagirdlər yeni yaranan öz təfəkkür tərzlərini keçmiş səviyyə ilə əlaqələndirərək daha da yüksək təfəkkür səviyyəsinə keçid edirlər.

Konstruktiv təlimin formulu

“Formula” sözü yunan mənşəlidir və o bir əməlin qısa yazılışını göstərir. Konstruktiv təlim əməli təlimdir. Onun qısa riyazi ifadəsi belədir:

m + ml + n = Z

 

Bu formula necə açıqlanır?

M – məntiqi bilik strukturu;

M1 – məntiqi əməliyyatlar;

N – kooperativ fəaliyyət, fərdi fəaliyyət;

Z – konstruktiv təlim

M – Məntiqi bilik strukturu – bu sətirlərin müəlifinin Piajenin idrakın inkişaf nəzəriyyəsindən çıxış edərək, didaktik bilik vahidlərinin bir-biri ilə məntiqi əlaqəsinin yaratdığı məntiqi bilik strukturlarıdur. Bunlar birləşdirmə, ayrılma, assosiativ, identik və ləğv etmə strukturlarıdır.

Ənənəvi bilik vahidləri konstruktiv təlimdə məntiqi bilik strukturları kimi başa düşülür. Mövzuya daxil olan biliklər müəllim tərəfindən bu strukturlara yerləşdirilir və yaxud mövzuda tapılır.(bax 4.4)

M1- Məntiqi təfəkkür əməliyyatları. Jan Piajenin idrakın inkişaf nəzəriyyəsində yaratdığı tamlıq məntiqinə əsaslanaraq dərsdə məntiqi bilik strukturları üzərində məntiqi əməliyyatların məntiqi təfəkkür əməliyyatı deməkdir.Müəllim tərəfindən verilən komandaya, tapşırığa uyğun olaraq biliklər üzərində şagirdlər məntiqi əməliyyatlar aparırlar (bax 4.5).

Məntiqi təsnifat, seriallaşdırma, assosiativ zənginləşdirmə və əvəzetmə əməliyyatlarını bilik üzərində aparan şagird təfəkkürü, idrakı tədricən öz əməliyyat strukturlarını buna oxşar qurur. Bu quruluş müntəzəm surətdə davam edərsə, o, bir neçə müddətdən sonra hər bir şagirdin düşüncə mexanizminə çevrilə bilər.

N – Təlim fəaliyyəti strukturu – dərs zamanı müəllim tərəfindən şagirdlər üçün seçilən fərdi və yaxud kooperativ təlim fəaliyyətidir. Komandalara bölünmüş şagirdlər təlim fəaliyyətlərini cütlükdə və komandada “müzakirə”, “dəyirmi masa”, “əqli hücum”, “rollar üzrə oyun”, “açın, tapın”, “səhvi tapın”, “telefon” və s. strukturlarda aparırlar. Hər bir fəaliyyət strukturu şagirdlərdə bir neçə sosial bacarıq və vərdişlərin yaradılmasına xidmət edir (bax 4.7).

Bu təlim prosesində iştirak edən hər bir şagird məntiqi üsulla bilik qazanmaqla, həm də tərbiyəvi cəhətdən sosial mühitin əxlaqına uyğun olaraq özünü aparmaq vərdişinə yiyələnir.

Z – Konstruktiv təlim. – Konstruktiv təlim şagirdlərin məntiqi bilik strukturları üzrə birgə və yaxud fərdi fəaliyyətdə məntiqi əməliyyatlar aparılması deməkdir.

2. Konstruktiv təlimin elmi əsasları

Konstruktiv təlim böyük Azərbaycan filosofu və alimi N.Tusinin pedaqoji traktına, İsveç alimi jan Piajenin “İdrakın inkişafı” konsepsiyasına və Amerika alimi Spenser Kaqanın kooperativ təliminə əsaslanır.N.Tusinin “Əxlaqi- Nasiri”n-də hər bir insanın əxlaqının saflaşması, onun nəfsinin, xasiyyətinin milli və sivil qaydalara uyğun inkişaf etməsi əsasları götürülür. Konstruktiv təlim prosesində tərbiyənin inkişafı ön plana çəkilir və davranış özü daxiligörümün, daxili biliyin xarici görünüşü kimi qəbul olunur. J.Piajenin idrakın inkişaf nəzəriyyəsində fərdin və ya şagird idrakının, təfəkkürünün inkişafı, anadan olandan yetkinlik çağınadək üç səviyyədən keçərək formal əməliyyat quruluşunda olur və bu proses insan ömrünün axırınadək inkişaf edir (Bu fikir Məhəmməd peyğəmbərin (s.ə.s.) beşikdən qəbrə kimi öyrənmək kəlamı ilə üst-üstı düşür).Amerikalı alim Spenser Kaqanın yaratdığı 100-dən çox fəaliyyət strukturlarında işləyən şagird və fərdin inkişafı sosial mühitdən, qarşılıqlı əlaqədən və bu inkişafa təkan verən müəllimin seçdiyi fəaliyyət strukturundan asılıdır. Başqa sözlə desək, sosial-mədəni biliklərin ötürülməsində, şagird və ya fərdin inkişafında sosial şəraitin, yəni ətraf mühitin böyük rolu vardır. XXI əsr- idrak əsri, şəxsiyyətin fərdiyyətçiliyi və texnologiyalar əsridir.Cəmiyyətdə vətəndaş münasibətlərinin təşəkkülü və onun demokratikləşməsi şəxsiyyətin inkişafı səviyyəsindən, cəmiyyətdə baş verən hadisələri onun dərk etmə üsulunun aktivliyindən asılıdır. İnformasiya əsri insanı öz məlumatlar axını ilə hər tərəfdən əhatə edir, ona təzyiq edir. Yalnız yaddaş qabiliyyətilə- aktiv, passiv yaddasaxlama ilə bunun öhdəsindən gəlmək isə çox çətindir. Hər şeyin, o cümlədən yaddaşın da həddi var. Müasir məktəb biliklərin yadda saxlanılması mövqeyindən çətinliklə uzaqlaşır, ona görə ki, didaktikanın təklif etdiyi hər şey XIX – XX əsrlərin öyrətmə üsullarının davamı, təkmilləşdirilməsi, şəkildəyişməsidir. Lakin bildiyiniz kimi, insan yaddaşından əlavə insan təfəkkürü də vardır ki, onun ehtiyatlarından 2-3 faizdən çox olmayaraq istifadə edilir. Əgər biz şagirdlərin bilikləri dərk etməsi üçün bu biliklərin yadda saxlanması və miqdarca toplanmasından onların üzərində təfəkkür (düşüncə) fəaliyyətinin təşkilinə doğru dönüş etsək, bu zaman öyrətməni keyfiyyətcə dəyişdirmək və onu hamı üçün mümkün olan etmək olar.

Təfəkkür fəaliyyəti məcrasında öyrətmə (təhsil alma) bu ehtiyatlardan istifadə edilməsini bir neçə dəfə artıracaq və bütün şagirdlərin təhsil keyfiyyətini adekvat olaraq yüksəltməyə imkan verəcəkdir.Təfəkkür fəaliyyəti idrak prosesidir, bu, psixologiyanın tədqiqat predmetidir. Didaktika- şagirdin öyrədilməsi üsulları haqqında elmdir.

Idrak psixologiyası təsdiq edir ki, şagirdlərin məktəbdə aldıqları biliklər onların eşitdiklərinin, yaxud oxuduqlarının əksidir, ən yaxşı halda bu informasiyanın şəkli dəyişilmiş formasıdır. Həqiqi bilik şagirdlər tərəfindən öz əvvəlki təcrübələri əsasında anlamaqla yaranmalıdır.

Bü gün,əgər müəllim təhsil sisteminin islah edilməsinə cəlb olunmaq istəyirsə,o başa düşməli və dərk etməlidir ki,təhsil sisteminin keyfiyyətcə dəyişilməsinə keçid tədris prosesinin psixologiya və didaktika, yaxud psixodidaktika mövqelərindən qurulmasından başlanır.

Psixodidaktika şagirdlərdə öyrənmə üçün mühit yaradır, burada biliyin mahiyyəti şagirdlərin anlama mahiyyətilə mütənasib qurulur.

Psixodidaktika və geniş çərçivədə psixopedaqogika öyrətmə və öyrənmə prosesini elə qurur ki, burada mütəşəkkil, fəal əqli fəaliyyət interaktiv davranış fəaliyyətilə müşayiət edilir. Fəal təhsil fəaliyyətinə cəlb edilərək şagirdlər öz anlayışlarının genişləndirilməsi üçün aktiv biliklər əldə edirlər. Belə təhsil prosesində öz ənənəvi vertikal quruluşunu dağıdır və məntiqi olaraq təfəkkürdə üfüqi strukturda düzülür. Bütövlük(vəhdət)sxemində və yaxud kontekstdə biliklərin öyrənilməsində, biliklər sistemində onun yerinin müəyyən edilməsində biz əməli olaraq böyük didakt Yan Amos Komenskinin «Öyrənilməli olan hər şey qoy əvvəlcə ümumi şəkildə,sonra isə hissələrlə təqdim edilsin» əsas qaydalarını təsdiq edir və onunla silahlanırıq. Tədris prosesinin qurulması zamanı psixodidaktikaya müraciət edərkən müəllim nəyi bilməlidir, yaxud konstruktiv təlim nə deməkdir? Onun anlayışını biz necə müəyyən edirik, o hansı prinsiplərə əsaslanır, haradan başlanır, nə ilə əlaqədardır? O şagirdə və müəllimə nə verir? Ənənəvi təlim sistemindən konstruktiv təlimə keçmək üçün müəllim nəyi anlamalı, nəyi öyrənməlidir- sualları aydınlaşdırılmalıdır.
Konstruktiv təlim – yaradıcı, operasional təlimdir. Onun məqsədi biliklərin anlaşılması və dərk edilməsi üçün onların konstruktiv dəyişilməsindən ibarətdir.
Konstruktiv təlim – şagirdlərin kooperasiyada təfəkkürün dərk etmə fəaliyyətinin
köməyilə əldə edilmiş, indi və gələcəkdə əldə edilən (qazanılan) biliklərin vəhdətidir. Təhsil sistemində konstruktiv öyrətmə Amerika alimləri Devey və C. Brunerin, italyan madam Montessori, isveçli Piaje və rus psixoloqu Vıqotskinin nəzəri və praktik əsərlərindən başlanmışdır. Təklif edilən konstruktiv təlimin fəlsəfəsi yuxarıda qeyd etdiyimiz kimi İsveç alimi J. Piaje ilə çiyin — çiyin tədqiqatlar aparan C. Brunerin pedaqogika və psixologiya fəlsəfəsi ilə asossiasiya edilir. Bizim təhsilin fəlsəfəsi – Şərq və Qərb təhsil fəlsəfəsinin sintezidir. (Bütövlükdən xüsusiyə, yaxud xüsusilikdən bütövlüyə çıxış). Təklif edilən konstruktiv təlimin üç əsas mənbəyi vardır:

  1. XIV əsr Azərbaycan filosofu,riyaziyyatçısı Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri» fəlsəfi pedaqoji traktatı.
  2. J.Piaje psixoloji məktəbi.
  3. Amerikalı psixoloq S.Kaqanın kooperativ fəaliyyət strukturları.

Bu üç əsaslar dünya şöhrətli alim Lütfi-zadəni qeyri-səlist məntiqi ilə möhkəmlənərək yeni çalarlar və görümlər yaratmışdı.

Keçən əsrin 80-ci illərinin axırında orta məktəbdə müəllim-şagird, şagird-şagird qarşılıqlı əməkdaşlığından yaranan bu təlim prosesi tədricən pedaqoji və psixoloji elmində öz mənbələrini taparaq, konstruktiv təlim kimi pedaqoji mühitdə inkişaf edib, bir çox müəllimlər tərəfindən təlim prosesinə tətbiq olunaraq özünə məxsus yer tutur. Bu yerin aliliyi ondan ibarətdir ki, əgər bəşər övladı ömrünün axırınadək kamilliyə can atırsa,bu pedaqoji məkanda ona kamilliyə çatmaq üçün yol göstərirlər,bu yolda hər bir addımın necə atılması öyrədilir.

Konstruktiv təlimin başqa təlimlərdən fərqi  burada insan, fərd, şagird amilinin aliliyidir. Qurulan pedaqoji proses şagirdin inkişafını nəzərə alaraq bu inkişafdan asılı olur. Nəyə görə pedaqoji proses bu inkişafdan asılı olur? Axı dünya pedaqogika praktikasında, məsələn, Vıqotskinin inkişafetdirici təlimi əsasən pedaqoji prosesdə şagirdin inkişafını nəzərdə tutur  və yaxud inkişaf ancaq pedaqoji prosesdə gedir. Bu da ondan irəli  gəlir ki, müəllim şagirdin sosial mühitdə qazandığı, əldə etdiyi biliyi nəzərə almır. Dərs proqramından asılı olan müəllim şagirdin irəliləyişinə, proqramdan qabaq düşməsinə nə şərait yarada bilir, nə də ki, proqramın quruluş strukturu buna imkan verir. Konstruktiv təlimdə didaktik bilik strukturları üfiqi şəkildə tamlıq çərçivəsində və yaxud tamlıq sxemində qurulduğu üçün şagird müəllimin məntiqi keçdiklərinə əsaslanaraq öz inkişafından və daxili enerjisindən asılı olaraq özünə bilik qazanmaq üçün şərait tapır. Hər cür sürətli idraki enerjiyə sahib olan şagirdlər yaradılan pedaqoji prosesdə özlərinə yer tapırlar. Məsələn, bildiyimiz kimi şagirdlərin düşüncə sürətləri bir-birindən fərqli olur. Şagirdlərin biri, məsələn, əgər «cüyür sürəti» ilə, yəni bir neçə dəqiqəyə verilən tapşırığı yerinə yetirirsə, digəri isə «tısbağa sürəti» ilə, yəni uzun müddətə yerinə yetirir.

Konstruktiv təlimlə aparılan pedaqoji prosesdə həm “cüyür sürəti” ilə(yəni bir dəqiqə ərzində beyində “n” saylı əməliyyat aparan), həm də  “tısbağa sürəti” ilə (bir dəqiqə ərzində beyində məhdud saylı əməliyyat aparan) idraki enerjiyə sahib olan şagirdlər onların qarşısına qoyulan məqsədə çatırlar. Fərq ondan ibarət olur ki, birincisi bu məqsədə “cüyür” sürəti ilə, yəni tez, ikincisi isə “tısbağa” sürəti ilə, yəni gec, amma yenə də çatmış olur. Ənənəvi təlim prosesindən fərqli olaraq, konstruktiv təlimdə “cüyür” təbiətli şagirdlər cüyür kimi (idraki sürəti azaldılmır), “tısbağa” təbiətlisi isə tısbaga kimi (yəni tələsmədən, asta-asta) inkişaf edirlər. Bunun üçün ancaq təbiətə oxşar bir pedoqoji proses yaradılır və burada “cüyür” sürətli təfəkkürə malik şagird “tısbağa” sürətli təfəkkürə malik olan şagirdlə yanaşı inkişaf edərək bir-biri ilə qarşılıqlı əlaqəyə girərək öz dünyagörüşlərini, biliklərini özlərinə uyğun yaradırlar.

Konstruktiv təlim prosesində «cüyür» cüyür sürəti ilə, «tısbağa» isə tısbağa sürəti  ilə inkişaf edir, çünki təbiətdə tısbağadan cüyür, cüyürdən isə tısbağa yaratmaq mümkün deyil.

 

 

Mənbə: F.Bünyatova «Konstruktiv təlimin təyini, vəzifəsi, mahiyyəti, məqsədi və dərslərdən nümunələr»

Bakı 2008

Baxış: 22097

3 комментария to “Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu”

  • Verilen material elmi esaslari ileyazilmishdir. men tecrubemden bu fikrin esasli oldugunu bilirem .yaddash qabilliyyeti-aktiv passiv yaddasaxlama-zamani konstruktiv telimi zeif inkishaf etdirirem. Bu melulatlara gore teshekkur edirem.

  • Sevda:

    Salam,verilen melumat cox deyelidir,lakin men ne qeder arasdirsam dahele bu nezeruyyenin mahiyyetini tam anlaya bilmirem.Eger bunu bir az misallarla izah etmek mumkun olsaydi daha asan olardi.meselen her hansi br derse tetbiq etmekle.Tesekkur edirem

  • Sevda xanım, salam!
    Saytda bir cox dərslər yerləşdirilib. Bu dərslər rus dilində və Azərbaycan dilindədir. Biologiyadan, riyaziyatdan, ana dilindən və.s. Diggətinizə körə təşəkkür edirəm.
    Fatma xanım.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe