Müəllimlərin təlim fəaliyyətlərinin intensiv dəyişdirilməsi Bakı ş. T. Həsənov adına 23 № eksperimental məktəbi. “Öyrətmədən öyrənməyə keçid” layihəsi
Təlimatlı təlim
Fatma xanım Bunyatova
«Öyrətmədən öyrənmə keçid» layihəsinin tədris prosesində tətbiq olunmasının ikinci ilinin ortalarında iki müəllim layihəyə qoşulmaq istədiklərini bildirdilər. Layihə iştirakçılarının çox irəlidə olduqlarını nəzərə alaraq bu müəllimlərlə dərs zamanı intensiv olaraq təlimatlı təlim keçirildi.
Nədir təlimatlı təlim?
Təlimatlı təlimdə dərs zamanı müəllim ona göstərilən və öyrədilən formada dərs keçir. Bu forma xüsusi olaraq intensiv təlimə hazırlanmış “4 fəaliyyətli konstruktiv təlimdir”. “4 fəaliyyətli konstruktiv təlimdə” hər bir fəaliyyətin məzmunu, müəllim və şagirdlərin bu fəaliyyətdə görəcək işlərin açıqlaması ilə yanaşı müəllimin və şagirdlərin gördükləri işin nəticəsi nədən ibarət olduğu da göstərilibdir. Dərsdə alınan nəticə yerində müzakirə edilərək korrektə edilir.
Təlimatlı dərsdə müəllim öncə komandalarda şagirdlərin təlim fəaliyyətini qurmağa öyrənir, və sinfin idarə edilməsi yollarını əyani şəkildə izləyir. Təlimatlı təlimdə, abstrakt yox real idarə etmə hərəkətlərin mənası açıqlandığı, bu hərəkətlərin işləkliyini real göründüyü üçün təlimin müəllimlər üçün keyfiyyət dərəcəsi yüksək olur.
2 sinifdə Mustafayeva Ş. Apardığı təlimatlı dərsdən fraqmentlər.
Mövzu “Odunçunun səhvi”
1-ci fəaliyyət mövzunun mənasının, məğzinin açılması idı. Bunun üçün müəllim şagirdlərin ön biliklərini üzə çıxartmaq və mətnin mənasını, məğzini açmaq üçün suallar qoyur:
S: -Odunçu deyəndə siz nə başa düşürsünüz? Kimdir odunçu? O nə iş görürür?
Suallar komandalarda müzakirə olunandan sonra cavablar belə oldu:
C: Odunçunun baltası olur; odunçu odun qırır; o meşədə odun qırır; təbiətə ziyan verir, çünki ağacları qırır; insanlara xeyir verir, çünki qışda odunu yandırırlar və ev isti olur;
S:- Dərsimizin adı “Odunçunun səhvidir”. Siz bilən odunçunun səhvi nədə ola bilərdi?
C:- Çoxlu ağac qırmaqda; cavan ağacı qırmaqda; yaşıl ağacları yəqin ki qırmışdı.
Bu fəaliyyətdə şagirdlər:
—mövzünün mahiyətini aydınlaşdırırlar;
-şəxsi biliklərinin sərhədini genişləndirirlər;
-təxəyyüllərində yeni obrazların cizgilərini yaradırlar ( odunçu- təbiətə ziyan verən; odunçu- insanlara xeyir verən).
Müəllim isə şagirdlərin ön bilikləri haqqında məlumat alır; suallardan yaranan suallar qoyaraq onların biliklərini genişləndirir.
2-ci fəaliyyət
2-ci fəaliyyətdə müəllim mövzu üzrə şagirdlərlə interaktiv iş aparır, əlavələr edir şagirdlərin təxəyyüllərini inkişaf etdirir.
O, mətni intonasiya ilə oxuyur və şagirdlərin diqqətini saxlamaq üçün interaktiv suallar verir:
-Siz bilən, nə üçün cavan ağac düz idi?
— Odunçu əyri ağacları qiranda yaxşı iş gördü yoxsa pis? Əsaslandırın.
Şagirdlər interaktiv müzakirəyə cəlb olunaraq mövzunu müəllimlə birlikdə onun qoyduğu suallarla incələyirlər.
Mətnin məzmununu genişləndirmək üçün müəllim şagirdlərə belə bir sual verir:
S:- Meşəni qoruyan varmı? Əgər vardısa o kimdir və nə edir?
Birinci suala cavab olundu ki qoruyan vardı, amma adını deyən olmadı. İkinci sual da yarımçıq cavablandı və nəhayət müəllimin köməyi ilə şagirdlər “meşəni meşəbəyi qoruyur” anlamına çataraq belə cavablandırılar.
C: Meşəbəyi meşədə ağacları qırmağa qoymur; heyvanları ovlamağa qoymur; meşəbəyi təbiəti məhv olmasını qoymur və s.
Şagirdlərin dünya görümlərini genişləndirmək üçün müəllim Azərbaycanda təbiət necə qorunduğu və meşə qoruqlarını əks edən slaydları şagirdlərin diqqətinə çatdırdı. Bundan sonra alınan biliklərin real olması üçün şagirdlərə belə bir sual verir.
S:-Dövlətimiz təbiəti qoruyur. Bəs biz, necə onu qoruyuruqmu? Təbiəti – ekologiyanı biz pozuruqmu?
C:-Qoruyuruq, amma hər yerdə yox. Məsələn, zibili yerə atdıq, bununla biz təbiətin təmizliyini pozduq; maşınlar havanı korlayırlar , yəni çirkləndirirlər və s.
3-ci fəaliyyət.
Şagirdlərin mətn üzrə işləri.
Müəllim şagirdlərə cütlərdə oxumağı və mətnə sual qoymağı tapşırır. Şagirdlər komandalarda verilən tapşırıq üzrə işləyirlər. Bütün sinif birdən asta səslə mətni oxuyur. Sonra onlar komandada suallar qoyurlar, cavablarında düzəlişlər aparırlar və bilik strukturlarını möhkəmləndirirlər.
Tapşırıq yerinə yetiriləndən sonra komandanın üzvləri müəllimin seçimi ilə (komandanın seçimi və sairələri də ola bilər) mətni oxuyurlar və sualları qoyaraq onlara cavab verirlər.
S:-Odunçu düz hərəkət etdi əyri ağacları qıranda?
-Nəyə görə ağaclar əyri bitmişdir?
-Odunçu təbiətə necə ziyan vurdu?
-Nəyə görə əyri ağacların arasında bir gözəl ağac bitmişdi?
Sualların düşündürücü quruluşu onu göstərir ki mətn şüurlu yox anlamlı şəkildə incələnmişdi. Bu o deməkdir ki şagirdlər biliklərlə işləmir, yəni bilikyönümlü suallar vermirlər. Onların qoyduqları “Odunçu təbiətə necə ziyan vurdu” sualı onu göstərir ki “odunçu nə etdi? Və nəticəsi nə olduğunu?” bilirlər. Və qoyduqları “Odunçu təbiətə necə ziyan vurdu” açıq, düşündürücü sualların cavabları ilə onlar mətni öz duyumları və xəyali görümləri ilə kənar biliklərlə zənginləşdirirlər.
4-cü fəaliyyət
Şagirdlərin yaratdıqları biliklərin əks etdirilməsidir. Bu fəaliyyətdə müəllimin öncə hazırladığı işçi vərəqlərində verilən 4-5 tapşırıqların yerinə yetirilməsindən ibarət olur. Tapşırıqların biri “Davam et”dir.
Müəllim komandalara hərəsi bir açar sözü olan “Davam et” tapşırığını verir. Bu tapşırığın məqsədi şagirdlərin əldə etdikləri bilikləri hərəkətə gətirmək, onları öz daxili görümlərində canlandırmaq- yəni animasiya etməkdir.
Komandalar müəllimin tapşırığını yerinə yetirilmək üçün iş bölgüsü aparırlar. Biri şəkil çəkir, o biriləri isə tapşırığı yerinə yetirirlər. Vaxt bitəndən sonra tapşırıq komanda üzvləri tərəfindən sinif üzrə təqdimat edilir və onun müzakirəsi aparılır.
Davam et. “Əyri ağaclar…”
Əyri ağaclar odunçunu görüb qorxdular. Onlar elə bilirdi ki, odunçu onları kəsəcək. Odunçu qoca ağacları qırmağa başladı. Cavan ağac onları görüb çox pis oldu. Sonra ağacı dolu döyərək məhv etdi.
III qrup Aylin, Ayxan, Məryəm.
Davam et “Meşəbəyi…”
Meşəbəyi meşədə yaşayır. Meşəbəyi ağacları qırmağa icazə vermir. O, bütün meşəni, bitkiləri, heyvanları, ağacları qoruyur. Mən meşəyə gedəndə Meşəbəyi gördüm. Meşəbəyi meşələri çox sevir.
I qrup
Sevgi, Nərmin, Fərəc, Hüseynəli, Fatimə
Davam et. “Cavan ağac”
Cavan ağac dümdüz və gözəl idi. Bir gün odunçu gəlib onu gördü və düşündü ki, onu kəsməsin, digər çürük ağacları kəsdi ki təbiət gözəlləşsin, oksigen gözəl və xeyirli olsun.
IV qrup
Nurçin, Abbas, Fuad, Zəhra, Altay.
Davam et.” Odunçu…”
Odunçu meşədən keçirdi. O, çoxlu gözəl ağac gördü. Arasında bir neçəsi əyri idi. Odunçu onları qırmağa başladı. Amma gördü ki, əyri-üyrü ağacları qırandan sonra boşluq yarandı. Sonra o boşluğun yerinə çoxlu ağac əkməyə başladı. İki ildən sonra bu ağaclar dübbədüz oldular.
II qrup
Şahan, Səid, Duyğu, Mehriban.
Şagirdlərin ilk dəfə bu istiqamətdə fikirlərini bildirməyinin nəticəsi pis deyildir və bu iş davamlı şəkildə aparılanda tədricən onların daxili görümlərinin əks etdirmək bacarıqları inkişaf edilir. Onlar öz fikirlərini geniş və dərin ifadə etməyə çalışırlar. Bununla yanaşı şagirdlər komandada bir-biri ilə ünsiyyətdə olanda, biliklərini, fikirlərini bir-biri ilə bölüşəndə bu biliklər, bu fikirlər başqalarının fikirləri ilə uzlaşıb yeni bir görüm alır. Və ən əsası şagirdlər dərsdə düşüncə sərbəstliyini hiss edirlər. Dərslərin birində şagirdlərə “Dərsdə mənim nə xoşuma nə gəldi?” refleksiv sual verildi.
.Şagirdlər sualı cavablandıraraq öz istəklərini bildirdilər. Bu istəklər ünsiyyətdə olmaq, fikirlərini bölüşmək, sərbəst düşünmək, maraqlı dərs, dərsi sinifdə öyrənmək və s. idi. Bir sözlə şagirdlərin dilə gətirdikləri istəklər bu gün müəllimlərin qarşısında qoyulan həlli tapılası olan vacib məsələlərdən ibarət idi
Baxış: 1635